Avstriya jurnalı Azərbaycanda idmana göstərilən diqqəti yüksək qiymətləndirib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Avstriyadakı nümayəndəliyinin təşəbbüsü ilə bu ölkənin aparıcı idman nəşrlərindən olan “Sport und Business” jurnalında Azərbaycanda idmanın inkişafına həsr edilən məqalə dərc olunub.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, məqalədə Prezident İlham Əliyevin idman infrastrukturu, yeniyetmələr və qadın futbolunun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edilib, bu istiqamətdə aparılan işlərdə SOCAR-ın rolu xüsusi qeyd olunub. Yazıda Azərbaycanda idman sahəsinə, xüsusilə futbolun inkişafına göstərilən dəstəyin UEFA prezidenti Mişel Platini tərəfindən yüksək qiymətləndirilməsi, onun dəfələrlə ölkəmizə səfər etməsi, SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birlikdə müxtəlif idman komplekslərinin açılışında şəxsən iştirakı qeyd edilib.

Məqalədə 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa Çempionatının yeddi rəsmi sponsorundan birinin SOCAR olduğu diqqətə çatdırılıb, Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etdiyi, 2016-cı ildə “Formula-1” Qran-pri yarışı və U-17 Avropa Çempionatı kimi böyük tədbirlərin də ölkəmizdə keçiriləcəyi qeyd edilib.

Xəbər 669 dəfə oxundu.