Yunis Hüseynov: "İntizam Komitəsinin belə qərar verəcəyini gözləməzdim"
Hazırda özümü yaxşı hiss edirəm". Bunu "Report"a açıqlamasında özünü piss hiss etdiyi üçün "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında iştirak etməyən "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.

50 yaşlı mütəxəssis səhhətindəki problemin səbəbini açıqlayarkən bildirib: "Təzyiqim qalxmışdı. Amma bu, olan şeydir. Kim əsəb keçirirsə, onda həmişə belə hallar olur. Məndə də oldu. Klub həkiminin ilkin yardımından sonra səhhətim qaydasına düşdü".
"Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransına qatılmadığı üçün "Xəzər Lənkəran"ın AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnməsi xəbərinə Y.Hüseynov belə münasibət bildirib: "Cərimələyiblər? Bu xəbərə çox təəssüfləndim. Çox ağır qərardır".

Təcrübəli mütəxəssis onu da qeyd edib ki, həmin vaxt mətbuat konfransına gələrək, üzrxahlıq etmək iqtidarında olmayıb: "Bilirsiniz ki, mənim jurnalistlərə böyük hörmətim var. Bir jurnalist deyə bilməz ki, nə vaxtsa zəng etmişik, amma Yunis müəllim telefonu açmayıb, müsahibə verməyib. Hələ fasilə vaxtı özümü pis hiss edirdim. Klubumuzun həkimi gedib AFFA nümayəndəsi Abbas Hüseynovu məlumatlandırdı. Özüm dedim ki, gedirəm mətbuat konfransına. Həkim qoymadı. "İstirahət etməlisən. Özümüz gedib deyəcəyik" söylədi. Gedib federasiya əməkdaşına da dedilər ki, halı yoxdur. Orada da hansısa sənədə qol çəkilməsini istəyiblər. Sonra da həkim gəlib dedi ki, problem yoxdur, mətbuat konfransına köməkçi-məşqçi Vidadi Həsənov gedəcək. Açığı, İntizam Komitəsinin belə qərar verəcəyini gözləməzdim. Hamımız insanıq. Belə vəziyyətdə İntizam Komitəsi məni cərimələyirsə, bu, mənə təsir edir".

Baş məşqçinin sözlərinə görə, əsəbiləşməyinə səbəb komandanın 0:6 hesabı ilə məğlub olmasıdır. O, 10 illik məşqçi karyerası ərzində belə məğlub olmadığını söyləyib: "Tarixdə olmayan bir şey idi. 10 ildir baş məşqçi işləyirəm, komandalarım heç vaxt belə uduzmamışdı. 0:6 hesablı məğlubiyyət mənə çox pis təsir etdi".

Xəbər 726 dəfə oxundu.