Bakının "İnter" klubu 14000 manat cərimələnib
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının VII turunda baş vermiş olaylara baxılıb. Toplantıda Bakının "İnter" klubuna 14000 manat cərimə kəsilib.

“Qarabağ”la matçda paytaxt təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 1000 manat cərimələnib. 90-cı dəqiqədə qapıçı Giorgi Lomaya hakimlər briqadasını təhqir etdiyi üçün, 90+3-cü dəqiqədə isə müdafiəçi Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqiredici jest və ifadələr işlətdiyinə görə hərəyə 4 oyunluq cəzalanıb. Klub isə üst-üstə 8000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “İnter”in nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasını təhqir etdiyindən, 5 oyunluq cəzalanıb, klub 5000 manat ziyana düşüb.

"Xəzər Lənkəran"la "Rəvan" baş məşqçiləri Yunis Hüseynovla Emin Quliyevin müvafiq olaraq, "Qəbələ" və AZAL-la qarşılaşmalardan sonra mətbuat konfransına qatılmamaları səbəbindən hərəyə 1000 manat cərimələnib. AZAL isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib.
"Zirə" ilə matçın 47-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Kəpəz”lə qarşılaşmanın 76-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmış “Sumqayıt”ın müdafiəçisi Slavik Alxasov isə 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

Xəbər 672 dəfə oxundu.