Stolüstü tennis üzrə Avropa çempionatı başa çatıb
Rusiya Federasiyasının Yekaterinburq şəhərində təşkil edilmiş 34–cü Avropa çempionatı başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, çempionatda şəxsi, qoşa, qadınlar və kişilər arasında komanda dərəcələrində 6 dəst medal uğrunda mübarizə aparılıb.

Turnirdə 46 ölkədən 300–dən çox idmançı iştirak edib. Azərbaycan çempionatda baş məşqçi A.Zudovun rəhbərliyi ilə 6 nəfər gənc idmançı ilə (3 oğlan və 3 qız ) təmsil olunub.

Kişilər arasında şəxsi dərəcədə Dmitriy Ovçarov (Almaniya), qadınlarda Elizabet Samara (Rumıniya), kişilər arasında qoşa dərəcədə Ştefan Fegerl (Avstriya) – Joao Monteyro (Portuqaliya), qadınlarda Mələk Hu (Türkiyə) – Şen Yanfey (İspaniya) cütlüyü birinci olub. Kişi komandalarından Avstriya, qadınlardan isə Almaniya ilk yeri tutub.

Xatırladaq ki, Dmitri Ovçarov iyunda Bakıda keçirilmiş birinci Avropa Oyunlarının da qalibi olub. Mələk Hu (Türkiyə) isə həmin oyunlarda bürünc medal qazanmışdı.

Növbəti Avropa çempionatı 2016–cı ilin oktyabrında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Xəbər 775 dəfə oxundu.