Azərbaycan şahmatçısı “Baku Open 2015” festivalında liderlər arasındadır
Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan ənənəvi “Baku Open 2015” beynəlxalq şahmat festivalında 5-ci turun oyunları başa çatıb.

Novxanı qəsəbəsindəki “AF Hotel”də keçirilən festivalın “A” turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abbasov 5-ci turda ukraynalı Mixaylo Oleksienko ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin qələbəsi ilə başa çatıb.

Bu turda İran şahmatçısı Gaem Maghami Ehsan ilə Hindistan təmsilçisi Sethuraman Sethuraman xalları yarı bölüblər. Hindistanlı Adhiban Baskaran həmyerlisi Puranik Abhimanyu üzərində qələbə qazanıb. Digər təmsilçimiz Vüqar Rəsulov isə Qolami Aryanı məğlubiyyətə uğradıb.

Beş turdan sonra Nicat Abbasov, Gaem Mughami Ehsan, Sethuraman Sethuraman və Adhiban Baskaran 4 xalla zirvəni bölüşdürürlər.

“B” qrupunda isə 5 turdan sonra ikihakimiyyətlilik yaranıb. Şəhriyar Həsənov və Fariz Əhmədov 5 oyundan 5 xal toplayaraq turnirə liderlik edirlər. Üçüncü pillədə isə aktivinə 4,5 xal yazan iranlı Ahmadreza Afşari qərarlaşıb.

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir.

Xəbər 651 dəfə oxundu.