Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
“İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”.

***

“İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir”.

***

“İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir”.

***

“İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir”.

***

“Respublikamızda bədən tərbiyəsi və idman geniş yayılmalıdır”.

***

“Bədən tərbiyəsi və idman Azərbaycanda xüsusi yer tutur.”

***

“İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq.”

***

İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

Heydər Əliyev

***

Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu üzvü kimi bu Olimpiya Oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcəkdir…
Mən sizi, Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvlərini, ölkəmizin bütün idmançılarını, gənclərini bu hadisə münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanacaq və Azərbaycanın şanını-şöhrətini daha da yüksəldəcəklər…
Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə qarşılayacaqdır. Sizdən asılı olan isə odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu inamla da, sizə olan bu etibarımla da sizə cansağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan Azərbaycan üçün dövlət əhəmiyyəti olan bu böyük işdə böyük, böyük, böyük uğurlar arzulayıram. Sağ olun…
Olimpiya Oyunlarında Azərbaycanın bilavasitə, müstəqil olaraq iştirak etməsi xalqımızın azadlığının və ölkəmizin müstəqilliyinin bəhrəsidir və müstəqil Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərin böyük bir hissəsidir…

(Ulu öndər Heydər Əliyevin 2000-ci ildə
Olimpiyaçıları yolsalma mərasimindəki nitqindən)

***

İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik.

***

Biz idmanın, bədən tərbiyəsinin kütləviliyini təmin etməliyik. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi bu sahədə çox iş görürlər. Ancaq hələ çox işlər də görülməlidir. Bu, təkcə onların vəzifəsi deyil, bu bizim hamımızın vəzifəmizdir. Bu, bütün hakimiyyət orqanlarının vəzifəsidir. Amma təkcə onların da yox, cəmiyyətin vəzifəsidir. Vətənini sevən hər bir vətəndaşın vəzifəsidir. Bu işdə təkcə dövlət vəsaitindən istifadə etmək, yaxud Milli Olimpiya Komitəsinin imkanlarından istifadə etmək yetərli deyildir. Gərək, bütün başqa imkanlardan da istifadə olunsun. Belə imkanlar isə çoxdur.

***

Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür komplekslərdə yaranır. Bu, gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir. Lazımdır ki, gənclər, fiziki cəhətdən sağlam olsunlar. Bu kompleksdə gənclər üçün bunu təmin etmək mümkün olacaqdır. Ona görə bunun həm böyük siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var.

***

İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə də görürsünüz, sizin qabağınızda belə dayanmışam. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm. Özü də burada gənclərin öz yeri, orta nəslin, yaşlı nəslin də öz yeri var.

***

İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir. Bunu biz çox vasitələrlə edirik. Bu vasitələrdən biri bizim mədəniyyətimizdir. Məsələn, bizim musiqimiz, ədəbiyyatımız, teatrımız, yaxud mahnılarımız - dünyaya bizi ən çox tanıdan bunlardır. İdman da, bəli, indi dünyada çox geniş yer tutubdur. Müxtəlif yarışlar keçirilir. İlham Əliyev burada dedi, qısa müddətdə yarışlarda nə qədər uğurlar qazanılıbdır. Bunun xüsusiyyəti bir də ondan ibarətdir ki, hər bir idmançı əgər birinci, ikinci, hətta üçüncü yer tutursa, onun mənsub olduğu ölkənin milli bayrağı qaldırılır, birinci yer tutanın şərəfinə dövlət himni ifa olunur.
Sizə bir şeyi bildirmək istəyirəm. Xarici ölkələrdə təkcə Azərbaycanın yox, hər bir dövlətin o halda himni səslənir və bayrağı qaldırılır ki, oraya hansısa dövlətin başçısı rəsmi səfərə gəlmiş olsun. Məsələn, mən, Azərbaycan Prezidenti bir ölkəyə rəsmi səfərə gedəndə, bəli, Azərbaycanın bayrağı qaldığım iqamətgahın üzərində ucaldılır, rəsmi qəbul mərasimində Azərbaycanın himni səslənir və Dövlət bayrağı qaldırılır. Başqa heç bir vaxt belə şey olmur.
Amma idman sahəsində beynəlxalq yarışda da birinci, ikinci, üçüncü yerləri tutan idmançıların mənsub olduqları ölkələrin bayraqları qaldırılır, birinci yeri tutan idmançının ölkəsinin həm də Dövlət himni səsləndirilir. Görürsünüzmü, bunun nə qədər əhəmiyyəti var.


Xəbər 33428 dəfə oxundu.