AFFA “Smart oyun” idarəetmə sistemini tətbiq edəcək
Bu ildən etibarən AFFA tərəfindən təşkil olunan U-10, U-11, U-12, “Coca-Cola U-13” və U-14 liqalarında “Smart oyun” adlandırılan elektron idarəetmə sistemi tətbiq olunacaq.

12 mərkəzləşdirilmiş regionda AFFA-nın yerli nümayəndələri tərəfindən bu sistemə giriş təmin edilib. Bu ildən etibarən mərkəzləşdirimiş regionlarda keçirilən oyunların sənədləşmə prosesi, oyun protokollarının doldurulması və nəticələrin ötürülməsi, təqvim və turnir cədvəlinin işlənilməsi onlayn olaraq smart sistemlə idarə olunacaq. Bu məqsədlə AFFA tərəfindən regionlardan müvafiq mərkəzlərə əməkdaşlar işə götürülüb. Sistemin tətbiqi yarışların keçirilmə prosesinin təkmilləşdirilməsini və sürətləndirməsini, uşaq liqalarının idarə olunmasında müasir texnologiyaların istifadəsini təmin edəcək, həmçinin sistemə daxil ediləcək məlumatların elektron mübadilə vasitələrində, sosial şəbəkələrdə yayılmasına, liqaların təbliğatının gücləndirilməsinə təkan verəcək. Oyunlar başa çatdıqdan sonra digər məlumatlarla yanaşı, qarşılaşmalarda çəkilmiş fotolar da sistemə paralel olaraq AFFA-nın sosial şəbəkələrdəki səhifələrinə daxil ediləcək. Oyunların iştirakçısı olan uşaqlar, eləcə də azarkeşlər həmin fotolara baxmaq, o cümlədən şəkilləri istifadə etdikləri cihazlara yükləmək imkanı əldə edəcəklər.

Xəbər 729 dəfə oxundu.