Bu gün qitə çempionatı start götürür: rəqiblər
Bu gün Xorvatiyada futzalçıların qitə çempionatı start götürür. İdman.com.az saytının məlumatına görə, dalbadal ikinci dəfədir final mərhələsinə qatılacaq Azərbaycan seçməsi ilk oyununa sabah çıxacaq. Rəqib qitə çempionatının favoritləri sırasında yer alan Portuqaliya millisidir. İkinci oyunda yığmanı Serbiya millisi ilə qarşılaşma gözləyir. Son illər bu ölkədə futzalın sürətlə inkişaf etdiyini və onların da ötən çempionatda pley-offçu olduğunu nəzərə alsaq, futzalçılarımızı Xorvatiyada çətin sınaq və mürəkkəb oyunlar gözlədiyini söyləmək olar. Təsadüfi deyil ki, turnirdə İspaniyadan sonra qələbəyə namizəd sayılan ikinci komandası – İtaliya seçməsinin baş məşqçisi Roberto Menikelli UEFA-nın rəsmi saytına müsahibəsində komandamızın yer aldığı üçlüyü «ölüm qrupu» adlandırıb: «Bizi çox ağır yol gözləyir. Çünki dörddəbir finaldakı rəqibimiz «ölüm qrupu»da yer alan Azərbaycan, Portuqaliya və Serbiya millilərindən biri olacaq».

Qitənin ali futbol qurumunun internet səhifəsində Avropa çempionatı ərəfəsində qruplardakı vəziyyətə dair məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, qitə çempionatının ilk günlərindən Zaqrebə gərginlik ab-havası hakim kəsiləcək. «D» qrupunda ötən çempionatın yarımfinalında üz-üzə gəlmiş Azərbaycan və Portuqalyia, eləcə də həmin yarışda pley-off mərhələsinə vəsiqə əldə etmiş Serbiy komandaları yer alır.

Portuqaliya

İlk dəfə 2010-cu ildə final mərhələsinin həlledici oyununa vəsiqə qazanmış pireneylilər qitənin ən titullu komandasına gərgin trillerdə 2:4 hesabı ilə uduzmuşdu. İki il əvvəl milli komandamızla oyunda parlamış Rikardinyunun liderliyi ilə portuqallar yenə də həmin nəticəni təkrarlamağa qadirdirlər. Uzun illər sükan arxasında yer almış Orlandu Duarte olmasa da, köməkçisi Joje Braz yaxşı komanda formalaşdıra bilib.
Seçmə mərhələdə onlar Makedoniy (3:1), Belarus (5:1), Polşa (6:0) qalib gəliblər. Rikardinyu ilə yanaşı, Kardinal və Joel Keyruş da təhlükəli oyunçular hesab olunurlar. «Biz qrupdan pley-offa çıxmaq istəyirik. Favoritik, ya yox – bunu hazırlığımız göstərəcək» deyən baş məşqçi ilə yanaşı komandanın aparıcı üzıləri bütün sualların elə birinci oyunda – komandamızla qarşılaşmada çözüləcəyinə əmindirlər.

Serbiya

Balkanlıların qitə çempionatına vəsiqə qazanması yalnız Rusiyanın son matçda Niderlanda qalib gəlməsi sayəsində baş vermişdi. Üstəlik serblər özləri də hollandlarla yalnız son saniyələrdə vurulan qol hesabına heç-heçə edərək, məhz topların daha yaxşı fərqinə görə Avropa çempionatına vəsiqə qazandılar. Amma onlar Xorvatiyada, sadəcə, iştirak etmək xatirinə gəlməyəcəklər. 2007-ci ildə onların ispanlarla heç-heçəsi və ötən yarışda rusları məğlub edərək, 1/4 finala çıxmaları bu komandanın imkanlarından xəbər verir. Əsas oyunçusu Marko Periç olmasa belə, serblər istənilən rəqiblə dueldə sürprizə qadirdirlər. 2-ci seçmə qrupda ikinci yeri tutmuş serblər hollandlarla heç-heçədən (3:3) sonra ruslara 0:3 hesabı ilə uduzmuş və Finlandiyanı darmadağın etmişdilər (6:0). Hazırkı yarışda komandanın əsas silahları Boyan Paviçeviç və Mladen Kosiçin olacağı gözlənilir. Baş məşqçi Asa Kovaçeviçin sözləri isə daha çox portuqallara yönəlib: «Ümid edirəm ki, qrupda favoritə qalib gəlib ən azı ötən çempionatdakı nəticəmizi təkrarlayacağıq».

Xəbər 1010 dəfə oxundu.