Bu gün qitə çempionatı start götürür: final mərhələləri
Xorvatiyada bu gün start götürən futzal yığmalarının qitə çempionatı 8-ci dəfədir ki, keçirilir. Bu yarışların tən yarısı Şərqi Avropada təşkil olunub. İdman.com.az saytının məlumatına görə, buna qədər 2010-cu ildə Macarıstan, 2005-ci ildə Çex Respublikasında, ondan da 4 il əvvəl Rusiyada keçirilmişdi. Maraqlıdır ki, turinirin «Şərq»dəki bütün yarışları ispanların qələbələri ilə tamamlanıb.

Ümumiyyətlə, bu Pireney ölkəsi dalbadal son 3 qitə çempionatının qalibidir. Onlar 7 yarışdan 5-ni zəfərlə başa vurublar. Qeyd etdiyimiz Şərqi Avropa uğurları ilə yanaşı 1996-cı ildə doğma divarlar arasında və 2007-ci ildə qonşu Portuqaliyada rəqiblərə şans verməyiblər. İspanlardan savayı, qitənin baş futzal mükafatına ruslar (1999-cu ildə, İspaniyada) və italyanlar da (2003-cü ildə, doğma divarlar arasında) yiyələniblər.

Kiçik bir məqamı da xatırlatmaq yerinə düşər ki, 1996-cı ildə Kordobada keçirilmiş yarış UEFA Avropa Futzal Turniri adlanırdı və onu «sınaq çempionat» kimi də qiymətləndirirlər. Onun uğurlu nəticəsi qitə ali futbol qurumunu daimi yarış təşkil etmək fikrinə gətirib çıxardı.
Maraqlıdır ki, budəfəki qitə çempionatında yalnız Türkiyə seçməsi debütant olacaq. Qalanları isə ən azı bir dəfə final mərhələsinin iştirakçısı olublar.

Xəbər 847 dəfə oxundu.