“AZAL” komandası Premyer Liqanın yeddinci turunda ilk qələbəsini qazanıb
Bu gün Topaz Premyer Liqasının yeddinci turuna start verilib.

Turun ilk görüşündə bu mövsüm hələ ki qələbə qazana bilməyən “AZAL” komandası öz meydanında “Rəvan” klubunu qəbul edib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyun “AZAL” kollektivinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “AZAL Arena”da keçən görüşdə yeganə qolun müəllifi Nuqzar Kvirtia olub.

Oktyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda “AZAL” komandası “Neftçi” ilə qarşılaşacaq.

Bir gün sonra isə üç qarşılaşma olacaq. Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Sumqayıt” klubunu, “İnter Arena”da isə “İnter” “Qarabağ”ı qəbul edəcək.

Turun Qəbələ şəhər stadionunda keçiriləcək sonuncu görüşündə “Qəbələ” və “Xəzər Lənkəran” kollektivləri üz-üzə gələcək. Saat 21:00-da başlayacaq oyunun baş hakimi Rəhim Həsənov olacaq.

Hazırda “Qarabağ” 14 xalla çempionatın vahid lideridir. “İnter” və “Qəbələ” klubları 13 xalla ikinci-üçüncü yerləri bölüşürlər.

Xəbər 659 dəfə oxundu.