Teymur Rəcəbov: «İnkişafım ruhumun xoşbəxt durumu ilə bağlıdır»
Veyk an Zee şəhərində beynəlxalq «Tata Steel Chess» şahmat turnirini ikinci pillədə başa vuran Teymur Rəcəbov yarışdakı çıxışı barədə təəssüratlarını chessnews.ru saytına müsahibəsində bölüşüb.

İdman.com.az saytının məlumatına görə, qrossmeysterimiz orada qeyd edib ki, bütün iştirakçılar hər partiyada maksimal nəticə əldə etməyə çalışırdılar. Xüsusən də bu, yüksək reytinqə malik favoritlərə aiddir. Həmyerlimiz hesab edir ki, Lük Van Veli ilə matçda üstünlüyü daha çox idi. Lakin onu reallaşdırmaq alınmadı. Yüksək reytinqli şahmatçı Maqnus Karlsen və Vasili İvançukla partiyalara da münasibətini açıqlayıb:

«Norveçli ilə oyunda elə də xoş olmayan mövqeyə düşdüm. Buna görə də qalib gəlməyə şansım yox idi. Bir neçə güclü gediş etdim, lakin partiyanı bərabərlikdən o yana keçirtmək mümkün deyildi. İvançukla oyunda mövqeyim bir yandan xoş idisə, digər yandan, aydın deyildi. Üstəlik də, vaxt sıxırdı. Heç-heçə normal nəticə oldu. Mən də onunla razılaşdım. Oyunu davam etsəydim, istənilən nəticə ola bilərdi – qələbə də, heç-heçə də, məğlubiyyət də».

Şahmatçımız deyib ki, hər yarış öncəsi qarşısına maksimal məqsəd qoyur: «Turnirlərdə qələbəyə köklənməsəydim, qəribə olardı. Turnirlərin özlərində işlərin necə getməsi isə başqa məsələdir. Böyük məsələlərin həlli lokalların yerinə yetirilməsi ilə həyata keçirilir. Məsələn, hər partiyada qalib gəlmək cəhdləri və nəticə olaraq baş mükafat uğrunda mübarizə aparmaq».
Teymur həmçinin qeyd edib ki, turnirin nəticələrinə əsasən reytinq əmsalına 11 xal artırıb ki, bu da onun ən güclülər sırasında qalmasını təmin edir.

Rəcəbov son zamanlar onun FİDE reytinqində yüksəlməsinə səbəb olan uğurlu çıxışlarının reseptini də bölüşüb: «Ninbodakı komandalararası dünya çempionatından başlayaraq, mənim reytinqim artmağa başladı. Lakin özüm dərin hesablamalarla məşğul olmuram. Sadəcə, inkişaf etməyə çalışıram. Mənim inkişafım ruhumun xoşbəxt durumu ilə bağlıdır. Son zamanlar həyatımda bir sıra xoş hadisələr baş verib. Həyat yoldaşım da məni daim dəstəkləyir. Bu idmandır. Hər şey ola bilir. Lakin həmişə çalışıram maksimumda oynayım».


Xəbər 1205 dəfə oxundu.