“Neftçi”dən ədalətli təklif
Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə beynəlxalq futbol turniri keçirilir. İdman.com.az saytının məlumatına görə, sözü gedən yarışın qrup mərhələsinin son görüqləri sabah baş tutacaq.

Həlledici oyunlar öncəsi “Neftçi” klubunun rəhbərliyi təşkilat komitəsinə müraciət ünvanlanmağa hazırlaşır. Belə ki, flaqman “B” qrupunun son 2 matçının eyni vaxtda keçirilməsini istəyir.

Məsələ burasındadı ki, “Neftçi”nin Özbəkistan “Paxtakor”u ilə görüşü Türkiyə vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq. Qrupun digər oyunu - “Metallist” (Xarkov, Ukrayna) – “Poloniya” (Polşa) görüşü isə bundan xeyli sonra (16:00-da) başlayacaq.

Hazırda bütün komandaların eyni xalı (3) var və hər birinin finala çıxmaq şansı qalmaqdadı. Bu üzdən də bakılılar hər iki oyunun eyni vaxtda keçirilməsinin daha ədalətli olacağını düşünürlər. Lakin “Neftçi”nin bu istəyinin nəzərə alınıb-alınmayacağı hələlik bilinmir.

Xəbər 1062 dəfə oxundu.