Azərbaycan güləşçiləri Hərbçilərin Dünya İdman Oyunlarında iştirak edəcək
Oktyabrın 2-dən Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları start götürür.

Yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edəcək. Azərbaycan güləş üzrə yığma komandalarının bəzi üzvlərinin də iştirak edəcəyi yarışlar 6-10 oktyabr 2015-ci il tarixlərdə baş tutacaq.

Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Cavid Əsədzadə (66 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq), sərbəst güləş yarışlarında isə, Ruslan Qasımov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), İbrahim Yusubov (86 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Proqrama əsasən, oktyabrın 6-7-də sərbəst, 9-10-da isə, yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Elman İsmayılov ölkəmizi təmsil edəcək.

Xəbər 675 dəfə oxundu.