Bakıda ənənəvi beynəlxalq şahmat festivalı başlayıb
Sentyabrın 30-də Novxanıdakı “AF Hotel” istirahət mərkəzində “Baku Open-2015” ənənəvi beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərasimdə çıxış edərək gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm rol oynayan şahmatın Azərbaycanda yüksək sürətlə inkişaf edən, sevilən idman növü olduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan şahmatçıları ilə görüşlərinin, onlara daim diqqət və qayğı göstərməsinin şahmatçılarımızın peşəkarlıq səviyyəsinin artmasında mühüm rolunu diqqətə çatdırıb. Bu diqqət və qayğını uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin 2009-cu il mayın 5-də imzaladığı Sərəncamla təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” şahmatın inkişafına yönəldilmiş ilk proqram kimi müasir idman tariximizə daxil olub.

Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq turnirin baş hakimi Faiq Həsənov qaydalar barədə məlumat verdikdən sonra festivalı açıq elan edərək yarış iştirakçılarına uğurlar arzu edib.

Bildirilib ki, “A” turnirində Azərbaycan da daxil olmaqla, Avstriya, Belarus, Hindistan, İran, Rusiya, Ukrayna və Venesueladan 52 idmançı iştirak edir. Onlardan 17-si beynəlxalq qrossmeyster, 16-sı beynəlxalq, 7-si isə FİDE ustasıdır. Azərbaycanın müstəqilliyinin 24–cü ildönümünə həsr edilmiş turnir iki qrupda keçiriləcək.

Yarışların reytinq-favoriti hindistanlı qrossmeyster Başkaran Adxibandır (2674). Daha 14 iştirakçının reytinqi 2500-dən çoxdur. Turnirin 15 iştirakçısının reytinq göstəricisi isə 2400-2500 arasındadır.

“Baku Open-2015” beynəlxalq turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək.

Turnirə oktyabrın 8-də yekun vurulacaq.

Xəbər 651 dəfə oxundu.