Yatsek Zelinski: Biz Azərbaycanın ən güclü klubuna uduzduq
Polşanın "Poloniya" klubunun baş məşqçisi Yatsek Zelinski, Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsində Azərbaycanın “Neftçi” klubuna qarşı keçirdikləri oyunu şərh edib. İdman.com.az saytının məlumatına görə, o, komandasının 1:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:

"Neftçi"dən belə güclü oyun gözləmirdim. Rəqibin "Metallist"lə oyununu izləmişdim. Bilirdik ki çətin olacaq. "Neftçi"nin əks hücumları super alındı. Rəqib bu gün bizdən daha güclü oynadı. Azərbaycan komandalarından “MKT Araz” və "İnter"ə qarşı oynamışam, təkcə onu deyə bilərəm ki, futbolunuz getdikcə inkişaf edir. Biz Azərbaycanın ən güclü klubuna uduzduq. "Neftçi"nin heyətində oynayan perspektivli gənclər gələcək vəd edir. Hər bir məşqçi komandanızdakı 25, 19, 14 və 28 nömrəli futbolçuları (Bahadır Nəsimov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov və Emin Mehdiyev nəzərdə tutulur) sərəncamında görmək istəyər".

Xəbər 1239 dəfə oxundu.