Boksçularımız Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşırlar
Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək. Turnirdə 73 ölkədən 260 boksçu gücünü sınayacaq.

Əvvəlki yarışlardan fərqli olaraq budəfəki mundialda dünyanın ən güclüləri mübarizə aparacaqlar. Birinci Avropa Oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yerləri tutanlar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar. “Əli Bin Həməd Əl Attiyah” Arenasında keçiriləcək dünya çempionatı Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandıracaq.

Dünya çempionatında iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-sı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-i Afrikanı, 17-i isə Okeaniyanı təmsil edir. Qətərdəki dünya çempionatından 23 boksçu Olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, 91 kq-dan yuxarı) titullarını qorumağa çalışacaqlar.

Məhəmmədrəsul Məcidov qalib gəlsə üçqat dünya çempionu tituluna yiyələnəcək. 49, 52 və 81 kiloqram çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kiloqram çəki dərəcələrində 1-3-cü, 91 və 91 kiloqramdan yuxarı çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Boksçularımızdan yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.

Xəbər 767 dəfə oxundu.