Azərbaycanın gənc gimnastları daha bir uğura imza atıblar
Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə müxtəlif yaş qrupları arasında Avropa birinciliyi yekunlaşıb.

Ölkəmiz bu yarışda 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan kişi və qarışıq cütlüklərlə təmsil olunub. Hər iki cütlük turnirdə uğurla çıxış edib.

Final mərhələsində qarışıq hərəkətlərə görə hakimlərdən 27.650 xal alan Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Duet birinci yeri tutan Rusiya təmsilçilərindən cəmi 0,3 xal geri qalıb. Üçüncü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar.

Qarışıq cütlüyümüz - Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medala sahib olublar. Bu kateqoriyada birinci və ikinci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya gimnastları tutublar.

Azərbaycan akrobatları tarixdə ilk dəfə olaraq belə bir yarışda yüksək nəticə göstəriblər.

Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti, həmçinin Avropa çempionatın apelyasiya kollegiyasının prezidenti Fərid Qayıbov iştirak edib.

AZƏRTAC

Xəbər 712 dəfə oxundu.