Azərbaycan velosipedçisi “Rio-2016” üçün növbəti lisenziya xalları qazanıb
Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb. İdmançımız Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, “Synergy Baku”nu "Duo Normand" yarışında Azərbaycan çempionu Maksim Averin ilə Yunanıstan çempionu Yannis Tamuridis təmsil ediblər.

On altı komandanın iştirak etdiyi yarışda velosipedçilərimiz 54 kilometr məsafəni 1 saat 9 dəqiqə 37 saniyəyə qət etməklə yekun sıralanmada 5-ci yeri tutublar. Bu isə təmsilçilərimizə aktivlərinə 10 reytinq xalı əlavə etməyə imkan verib.

Xəbər 697 dəfə oxundu.