Boks üzrə Azərbaycan milli komandası dünya çempionatına İtaliyada hazırlaşacaq
Boks üzrə Azərbaycan milli komandası Qətərdə keçiriləcək dünya çempionatına İtaliyada hazırlaşacaq.

Boksçularımız İtaliyada bu ölkə və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prosesində 9 boksçumuz iştirak edəcək. Bakıda keçirilmiş birinci Avropa Oyunlarında ağır zədə alan ikiqat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da heyətə daxil edilib. Onunla yanaşı, ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Teymur Məmmədov (81 kq) qoruyacaqlar.

Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək. Azərbaycan boksçularından 9-u Qətərdə keçiriləcək yarışa vəsiqəni Avropa Oyunlarında qazanıb. Digər idmançımız - 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında qazandığı bürünc medal sayəsində mundiala vəsiqə əldə edib. Xaybula Muslov (75 kq) isə gözündə əməliyyat aparılması səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.

Xəbər 823 dəfə oxundu.