Şəhriyar Məmmədyarov: Məni dəstəkləyən hər kəsə minnətdaram
“İlk növbədə hamını Qurban bayramı münasibətilə təbrik edirəm. Belə bir gündə məni dəstəkləyən hər kəsə minnətdaram”.

Bu sözləri Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 final mərhələsində Sergey Karyakinlə ikinci partiyada heç-heçə oynadıqdan sonra mətbuat konfransında deyib.

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsinin ikinci görüşündə də şahmatçımız Sergey Karyakinlə heç-heçə edib. Məmmədyarov dünən baş tutan partiyanı belə şərh edib: “Problem ondadır ki, birinci görüşdə çox asanlıqla qalib gələ bilərdim. O cür şansı əldən verdikdən sonra oynamaq çətin idi. Debütdə bir qədər qeyri-adi oynadım. Bu, xüsusilə Dünya Kuboku üçün hazırlanan bir gediş idi. Partiyanın gedişində anladım ki, vəziyyət elə də yaxşı deyil. Rəqibimin yalnız zamanı az idi. Karyakin də risk etmək istəmirdi. Ona görə ikimiz də düşündük ki, tay-breykə getsək yaxşı olar”.

Şahmatçımız qeyd edib ki, buna qədər sürətli şahmatda Karyakinlə çox üz-üzə gəlib. Onunla çox oynamışıq. Bəlkə də aramızda 50-yə yaxın belə görüş baş tutub. Amma bu dəfə fərqlidir. Bu görüşlərimiz daha dəyərlidir. Sabah maraqlı oyun olacaq. Sürətli şahmatda Karyakin 2012-ci ildə, mən isə 2013-cü ildə dünya çempionu olmuşuq.

“Tay-breki futboldakı penaltilər seriyası ilə müqayisə etmək mümkündürmü” sualını Məmmədyarov belə cavablandırıb: “Olar. Amma futbolda 5 penalti yerinə yetirilir. Burada isə 2 görüş olur. Yəni, şans futboldakından azdır. Penaltilər seriyasında 1:3 uduzan komanda sonda qalib ola bilər. Amma tay-breykdə bu mümkün deyil. 1:3 uduzursansa, bu, sondur. Məncə, yarımfınal üçün 2 rapid acınacaqlı və çətindir”.

Şəhriyar Məmmədyarov sonda azarkeşlərin dəstəyindən danışarkən deyib ki, evdə oynamaq hər zaman çətin alınır. Amma bu turnirə fərqli baxıram. Təbii ki, Vətəndə oynadığımı tam unuda bilməmişəm. Amma əsas odur ki, bu dəfə vəziyyət fərqlidir. Bu dəfə daha çox azarkeş dəstəyi hiss edirəm. Azarkeşləri sevindirmək üçün var qüvvəmlə çalışıram. Hər matç sonuncu ola bilər. Qarşımdakı rəqib zəif deyil. Hər oyunda qələbə qazanmağa çalışıram.

Xəbər 694 dəfə oxundu.