Azərbaycan Premyer Liqası: liderlər xal ehtiyatını artırır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyunu keçirilib.

“İnter” öz meydanında “Kəpəz”i qəbul edib. Hazırda liderlər sırasında yer alan paytaxt klubu Gəncə təmsilçisi ilə oyunda favorit sayılırdı. Hesab proqnozu təsdiqləyib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn “İnter” turnir cədvəlində mövqeyini möhkəmləndirib.

Günün digər qarşılaşması da paytaxtda oynanılıb. “Rəvan” klubu öz meydançasında Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ”yə böyük hesabla məğlub olub: 0:3.

Hazırda “Qarabağ”, “Qəbələ” və “İnter” 13 xalla birinci-üçüncü yerləri bölüşürlər. Ağdam klubu rəqiblərinə nisbətən bir oyun az keçirib.

Turun digər görüşləri sentyabrın 26-27-də oynanılacaq. Bu turda “Qarabağ”-“Neftçi” oyunu daha çox maraq doğurur. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionatın vahid lideri olacaq. Xatırladaq ki, bu qarşılaşma sentyabrın 26-da saat 19:00-da başlayacaq.

Xəbər 689 dəfə oxundu.