Azərbaycanın yeganə nümayəndəsi dünya kubokunda 1/4 final döyüşünə başlayıb
Azərbaycan paytaxtında şahmat üzrə dünya kubokunun dörddə bir finalına start verilib.

1/4 finalda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yanaşı Rusiya nümayəndələri Sergey Karyakin və Pyotr Svidler, çinli Vey İ, hollandiyalı Aniş Giri, fransız Maksim Vaşye-Laqrav, amerikalı Hikaru Nakamura və ukraynalı Pavel Elyanov mübarizə aparırlar.

Bu gün birinci klassik partiyalar oynanılır.

Azərbaycanın 1/4 finala çıxmış yeganə nümayəndəsi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı qrossmeyster Sergey Karyakindir. Bu mərhələdə P.Svidler – Vey İ, A.Giri - M.Vaşye-Laqrav, H.Nakamura - P.Elyanov cütlükləri qarşılaşacaqlar.

Yarışın ilk mərhələsində 128 şahmatçı iştirak edirdi, indi isə mübarizəni yalnız səkkiz iştirakçı davam etdirir.

Xatırladaq ki, dünya kubokunun qalibi və finalçı çempion adı uğrunda matçda iştirak etmək üçün iddiaçıların turnirinə vəsiqə alacaqlar.

Yarışın ümumi mükafat fondu 1,6 milyon dollardır. Turnirin qalibi 96 min dollar, finalçı isə 64 min dollar qazanacaq.

Xəbər 679 dəfə oxundu.