Həzi Aslanovun xatirəsinə həsr olunmuş “World of tanks” üzrə Azərbaycan çempionatının finalı keçiriləcək
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiberidman Federasiyası və “Wargaming” şirkəti tərəfindən yerli oyunçular arasında “World of tanks” üzrə Azərbaycan çempionatı keçirilir.

Online seçim turununun yekununa görə ən yaxşı nəticə əldə edən 4 komanda çempionatın final mərhələsinə qatılacaq. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunan turnirin final mərhələsi sentyabrın 26-da “Marriott Absheron Baku” hotelində keçiriləcək.

Qeyd edək ki, kütləvi online oyun növü olan “World of tanks” bütövlükdə XX əsrin ortalarına aid zirehli maşınlara həsr edilib. "World of tanks" çempionatının yekun mərhələsi komanda (3 x 3) ilə yanaşı, eyni zamanda, fərdi yarış formatında da keçiriləcəkdir. Komanda yarışlarının finalçıları 5 min manatlıq mükafat fondu uğrunda mübarizə aparacaqlar.

Fərdi şəxslərə gəldikdə isə istənilən şəxs qeydiyyatsız və ödənişsiz iştirak edərək öz bacarığını nümayiş etdirə bilər. Fərdi hesabda qalib gələn şəxslər Apple iPhone 6 (64Gb) mobil telefonu, ikinci və üçüncü yerləri qazananlar isə Microsoft Xbox One konsol və Apple iPad mini 3 16GB planşeti ilə mükafatlandırılacaqlar.

Milyonlarla tankçı ordusuna qoşulmaq və turnir haqda ətraflı məlumat almaq istəyənlər www.worldoftanks.ru saytına daxil ola bilərlər.

Xəbər 794 dəfə oxundu.