“Simurq”da avstriyalı futbolçu
Antalyada hazırlığını yekunlaşdırmaqda olan “Simurq”un düşərgəsində yeni futbolçular yer alıb. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-na klubun icraçı-direktoru Vaqif Əliyev deyib. O, legionerlər – avstriyalı Cem Atanla latviyalı İqor Tarasovun hazırlıqlarında iştirak etdiyini bildirib. Mütəxəssisin sözünə görə, onlarla bağlı yekun qərar bu gün Almaniyanın “Offenbax” klubu ilə yoxlama oyunundan sonra veriləcək:

“Bu legionerlərlə müqavilə bağlamamışıq. Onlar hazırda baxışdadırlar. İkitərəfli oyunumuzda iştirak edən Atanla Tarasovu bugünkü yoxlama matçımızda sınayandan sonra qərarımızı verəcəyik. Cem milliyətcə türk olsa da, Avstriya vətəndaşıdır, bu ölkənin yığmasında oynayıb. Tarasov da öz millisinə cəlb olunub və “Skonto”dan gəlib”.

23 yaşlı İqor 2009-cu ildən “Skonto”da oynayır və hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla müqayisədə Atan daha təcrübəli futbolçudur. Belə ki, 27 yaşlı mərkəz yarımmüdafiəçi Avstriya yığmasında 2 oyun keçirib. Onun karyerası əsasən bu ölkəyə, xüsusilə “Mattersburq” klubuna bağlı olub.

Belə ki, Cem 4 il (2006-10-cu illər) onun şərəfini qoruyub və 137 oyunda 14 qol vurub. Ötən ilə Avstriyanın LASK klubunda başlayan (8 oyun) yarımmüdafiəçi sonradan “Hartberq”ə keçib və 9 matçda 1 dəfə fərqlənib. Futbolda ilk addımlarını – 2005/06 mövsümündə bu komandada (13 oyun, 2 qol) atan Cem tarixi vətənində yalnız “Gənclərbirliyi”ndə oynayıb. Onda da 2010-cu ildə cəmi 1 matçda forma geyib.
Qeyd edək ki, “Simurq” 2 həftəlik təlim-məşq toplanışını sabah yekunlaşdırıb, Vətənə qayıdacaq.

Xəbər 1008 dəfə oxundu.