İlin ilk sınağına 5 boksçu ilə
Milli komandamız ilin ilk beynəlxalq yarışına Macarıstanda çıxacaq. Azərbaycan Boks Federasiyasından idman.com.az saytına verilən xəbərə görə, fevralın 8-də Debretsen şəhərində İştvan Bocskainin xatirəsinə turnir start götürəcək. Bu mübarizədə 5 boksçumuz qüvvəsini sınayacaq.

Heyətdə ən tanınmış ad dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədovdur. Son Azərbaycan çempionatının qalibi 56 kq çəki dərəcəsində çıxış edəcək.
Digər təcrübəli boksçu 2006-cı ildə qitənin ən güclülərinin yarışında gümüş mükafatçı olmuş Rahib Bəylərovdur. O, bu dəfə 75 deyil, 81 kq-da döyüşəcək.

Dekabrda Surqutda Neft Ölkələrinin Dünya Kubokunda 1-ci olmuş Cavid Çələbiyev (52 kq) Macarıstanda da məşqçilər korpusunun etimadını doğrultmağa çalışacaq. Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev də (+91 kq) heyətdə yer alanlar sırasındadırlar.
Fevralın 12-də yekunlaşacaq yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.

Xəbər 1092 dəfə oxundu.