Rikardinyo: "Şadam ki, Berbatov kimi futbolçuya qarşı oynamaq şansı qazandım"
Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb


Braziliyalı futbolçu qolsuz bitən görüşdən sonra öncə bunları söyləyib: "Heç-heçədən razıyam. "Qəbələ" yaxşı oyun sərgilədi, sonadək mübarizə apardı. PAOK-un çətin rəqib olduğunu öncədən də bilirdik. Ona görə də belə rəqiblə heç-heçə tamamilə normal nəticədir".

O, eyni zamanda komandasının əldə etdiyi uğurlarla kifayətlənmək istəmədiyini vurğulayıb: "Klub tarixi ərzində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq hüququ qazanmışıq. Amma biz bu uğurla kifayətlənmək istəmirik. Nə qədər bacarırıqsa, irəliləmək istəyirik. Heyətimizdə yaxşı futbolçular var. Komandamızın heyəti yaxşı komplektləşib".

Rikardinyonun sözlərinə görə, "Qəbələ" PAOK-un istədiyi futbolu sərgiləməsinə imkan verməyib: "Biz kompakt oyun sərgiləməyə çalışdıq. Rəqibə mümkün qədər az şans verdik. Bunun sayəsində də PAOK qol vura bilmədi. Baxmayaraq ki, biz özümüz də az şans əldə etmədik".

"Qəbələ"nin futbolçusu həmçinin rəqib komandanın ulduz futbolçusu Dimitar Berbatovdan da danışıb: "O, əla futbolçudur. "Mançester Yunayted" və digər aparıcı klublardakı çıxışını yaxşı xatırlayıram. Şadam ki, belə bir futbolçuya qarşı oynamaq şansı qazandım".

Xəbər 714 dəfə oxundu.