Boyükağa Hacıyev: İtkilər bizə oynamağa imkan vermədi
“Biz bu gün Ukraynanın ən güclü klublarından birinə qarşı oynadıq. “Metallist” həmçinin Avropa Liqasının iştirakçısıdır”. İdman.com.az saytının xəbərinə görə, bunu “Neftçi”nin baş məşqçisi Boyükağa Hacıyev deyib. Antalyada təşkil olunan Əhməd Qədirovun xatirəsinə həsr edilən beynəlxalq turnirin ilk matçında “ağ-qaralar” Ukrayna “Metallist”inə 1:3 hesabı ilə məğlub olub.

Təcrübəli mütəxəssis, sözü gedən görüşdə qapıçı Saşa Stamenkoviçin zəif oynadığını vurğulayıb: “Buraxılan birinci və ikinci qolda onun səhvi var idi”.
“Neftçi”nin baş məşqçisi məğlubiyyətin əsas səbəblərindən biri kimi komandada zədəli futbolçuların olmasını göstərib: “Alessandro da Silva zədəlidir, Ruslan Abışov da bu problemə görə bugünkü matçın sonlarında oyuna daxil oldu. Optimal heyət olsaydı, nəticə başqa cür olardı”.

O həmçinin qeyd edib ki, komandanın lider futbolçularından olan Flavinyu həyat yoldaşının səhhətindəki problemlərə görə vətəninə yola düşüb. Braziliyalı futbolçunun yaxın 2-3 gündə “Neftçi”nin düşərgəsinə qayıdacağı gözlənilir.
Hacıyev bugünkü qarşılaşmada gənclərə daha çox üstünlük verməsi haqda da danışıb: “Mən 1995-ci il təvüllüdlü futbolçuları bu turnirdə deyil, bəs, harada yoxlamalıyam?”
Mütəxəssis qarşılaşmanın hakimliyinə iradı olmadığını da vurğulayıb.

Xəbər 967 dəfə oxundu.