Stolüstü tennis məşqçiləri üçün seminar olub
Azərbaycan Stolüstü Tennis və Beynəlxalq Stolüstü Tennis (İTTF) federasiyalarının birgə layihəsi əsasında sentyabrın 13-dən 20-dək Bakıda və respublikanın regionlarında fəaliyyət göstərən 30-dan artıq məşqçi-müəllimlər üçün sertifikatlaşdırılmış seminar keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilində əsas məqsəd ölkənin müxtəlif regionlarından olan yerli məşqçilərin ixtisasının artırılmasıdır.

İTTF-nin birinci dərəcəli sertifikatlarını əldə etmək üçün keçirilmiş ilk seminar texniki, taktiki, fiziki və psixoloji aspektlərdən ibarət olub. İyirmi nəfər ən yaxşı məşqçi gələcəkdə daha yüksək dərəcə olan ikinci dərəcəni almaq imkanı qazanacaq. İki il ərzində isə onlar ən yüksək dərəcə sayılan üçüncü dərəcəyə malik ola biləcəklər.

Seminar müxtəlif hazırlıq qruplu məşqçilər üçün təşkil olunub. Nəzəri mərhələnin sonuncu günü paralimpiyaçıların təsnifat aspektlərinə, yarış qaydalarının dəyişdirilməsinə, yarışlarda paralimpiyaçıların müşayiət edilməsinə, ayrı-ayrı texniki elementlərin öyrənilməsinə həsr olunub.

Seminarda video nümayişdən də istifadə olunub və məşqçilər praktiki məşğələlərdə fəal iştirak ediblər.

Sonda iştirakçılara İTTF-nin beynəlxalq sertifikatları təqdim edilib. Seminara Belarusdan təcrübəli idman mütəxəssisi, 2008-ci ildən Beynəlxalq Stolüstü Tennis Federasiyasının Yüksək İdman Ustalığı Məktəbinin məşqçisi Aleksey Yefremov rəhbərlik edib.

Seminarın bağlanış mərasimində Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən danışıb. F.Məmmədov stolüstü tennis yeniliklərinin və azyaşlılarla işləməyin yeni metodlarının yerli mütəxəssislərə öyrədilməsində seminarın əhəmiyyətini diqqətə çatdırıb.

Beynəlxalq Stolüstü Tennis Birliyinin nümayəndəsi Aleksey Yefremov Azərbaycana ilk dəfə gəldiyini və Bakının gözəlliyinə vurğun olduğunu bildirib. Azərbaycanda idmana və stolüstü tennisə verilən qiymətə görə Beynəlxalq Stolüstü Tennis Birliyi adından ölkə rəhbərliyinə minnətdarlığını və bu seminarın yerli məşqçi-müəllimlərin beynəlxalq tennis aləminə inteqrasiya olunmasına təkan verəcəyini vurğulayıb.

Seminar iştirakçısı Billurə Eminova tədbirin yüksək səviyyədə təşkilindən və məşqçi-müəllimlərin önəmli yeniliklərlə tanış olmasından söz açıb, seminar iştirakçıları adından idmanın inkişafı üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Mərasimin sonunda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

AZƏRTAC

Xəbər 735 dəfə oxundu.