Bakı Olimpiya Stadionuna verilən “İlin ən yaxşı idman qurğusu” mükafatı SOCAR-a təqdim edilib
Nyu-Yorkun Grand Hyatt otelində keçirilmiş təntənəli mərasimdə inşaat sahəsində böyük nüfuza malik “Engineering News Record” jurnalının (ENR) “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsinin mükafatları təqdim olunub.

Müsabiqənin “İdman və əyləncə qurğuları” nominasiyasında qalib olmuş Bakı Olimpiya Stadionunun layiq görüldüyü mükafat SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlova, layihənin məsul mühəndislərinə, həmçinin struktur üzrə layihəçi “Thornton Tomasetti” şirkətinin, əsas layihəçi “Heerim Architects and Planners” şirkətinin və podratçı “Tekfen İnşaat və Təchizat” şirkətinin nümayəndələrinə təqdim edilib. Mərasimdə dünyanın müxtəlif yerlərində inşa olunmuş və digər nominasiyalarda qalib gəlmiş layihələrin sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərinin nümayəndələri iştirak ediblər.

Xəbər verildiyi kimi, bu ilin avqustunda Bakı Olimpiya Stadionu ENR jurnalı tərəfindən “İdman və əyləncə qurğuları” nominasiyasında “İlin ən yaxşı layihəsi” elan edilmişdi. ENR jurnalının dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirib, eyni zamanda, layihəni həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınıb.

Jurnalın sentyabr nömrəsində müsabiqənin bütün mükafatçıları, o cümlədən Bakı Olimpiya Stadionu haqqında ətraflı məlumat dərc edilib.

AZƏRTAC

Xəbər 563 dəfə oxundu.