Qəbələ Azərbaycanın xal ehtiyatını zənginləşdirdi
Avropa Liqasının qrup mərhələsinin ötən gecə baş tutan ilk turunun oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Ölkəmiz bu siyahıda əvvəlki yerini qoruyub.

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində "Qarabağ"la "Qəbələ" təmsil edir. Qəbələnin eyniadlı təmsilçisi ötən gecə doğma meydanda Yunanıstan PAOK-u ilə qarşılaşdı və 0:0 hesablı bərabərliyə razılaşdı. Ağdam klubu isə səfərdə İngiltərə "Tottenhem"inə 1:3 hesabı ilə məğlub oldu. Nəticədə, "Qarabağ" bu dəfə ölkəmizə xal qazandıra bilməsə də, "Qəbələ" Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.250 balla zənginləşdirdi.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 13.875 reytinq xalı var ki, onun da 3.375 xalı cari mövsümdə qazanılıb ("Qəbələ" - 1.375, "Qarabağ" - 1.000, "İnter" - 0.750, "Neftçi" - 0.250).

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər 677 dəfə oxundu.