"İdman Azərbaycan"dan "Qarabağ" azarkeşlərinin məktubuna cavab
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Tottenhem" - "Qarabağ" (3:1) qarşılaşmasının şərhçiliyindən narazı qalan"İmarət" azad azarkeş qrupu Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə açıq məktub ünvanladığı barədə xəbər vermişdik.

"İdman Azərbaycan" kanalı bu məsələyə öz "facebook" hesablarında münasibət bildirib.

Həmin fikirlərlə sizi tanış edirik:

"Dünən İdman Azərbaycan kanalı vasitəsilə tamaşaçılarımız Londondan Tottenhem-Qarabağ oyununu izlədilər. Məhz İdman Azərbaycan kanalı vasitəsilə azarkeşlərimiz doğma komandalarımızın avrokubok oyunlarını uzun illərdir ki, seyr edirlər. Bütün bunlara görə kanala təşəkkür edilməsinə ehtiyac yoxdur. Bu bizim borcumuzdur və hər bir azərbaycanlının istəyini başa düşürük. Lakin müəyyən KİV hər bir işimizdə qənbərqulu tapmağa çalışır. Halbuki ilk növbədə irad bildirməzdən təşəkkür etməlidir.
Dünən keçirilən oyun zamanı edilən irad isə aparıcıların şərhi olub. Bəzilərinin fikrincə şərhçi həddindən az emosional olub. Halbuki , başqa vaxtlarda tənqidçilərimiz şərhlər zamanı aparıcıların həddindən artıq çığırdığını yazır. Bu məsələdə heç bir zaman ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Belə ki, hər bir insanın öz zövqü var və hərə bir cür aparıcılığı sevir. Məhz bu səbəbdən də heç bir şərhçi hamı tərəfindən sevilmir.

Bildirmək istəyirik ki , İdman Azərbaycan kanalı və orada çalışan hər bir kəs bütün komandalarımıza və idmançılarımıza eyni gözlə baxır və onların qələbəsini arzulayır. Şərhçilər də tamaşaçılar kimi oyuna adi televizordan baxır və şərh zamanı olan qüsurlar başa düşüləndir. Bütün bunlar televizor qarşısında əyləşənlər tərəfindən nəzərə alınmalıdır".

Xəbər 738 dəfə oxundu.