“Bunu deməklə işimizi bacarmadığımızı demək istəmirəm” - Rikardinyo
“Maraqlı oyun oldu. Fikrimcə, biz daha yaxşı oyun nümayiş etdirdik”. Bu sözləri “Qəbələ” klubunun müdafiəçisi Rikardinyo deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-la baş tutan matçda 90 dəqiqə meydanda olan braziliyalı cinah müdafiəçisinin işinin öhdəsindən layiqincə gəldiyini demək olar. Amma standart vəziyyətlər zamanı yerinə yetirdiyi cərimə zərbələri effektli alınmırdı. 0:0 hesabı ilə bitən oyunun gərginliyi haqda da danışan futbolçu komanda yoldaşlarını da tərifləyib: “Heyətimizdə yaxşı futbolçular var. Bizə yeni qoşulanlar da çalışdılar komandaya faydalı olsunlar. Təbii ki, qələbə qazansaydıq, daha yaxşı olardı. Amma qrup mərhələsinə xalla başlamaq da pis nəticə deyil”.

O, hazırda hansı mərhələdə mübarizə apardıqlarını unutmamağı da xatırladıb: “Biz 1 xal qazandıq. Bunu deməklə pis oynadığımızı, işimizi bacarmadığımızı demək istəmirəm. Amma qarşımızdakı rəqib də zəif komanda deyil. Unutmayaq ki, Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Burda ən güclü komandalar yer alır. Bütün iştirakçılar sona qədər mübarizə aparır”.

Müdafiəçi komandasının növbəti mərhələ üçün şansını da dəyərləndirib: “Qrupda yer alan komandalar güclüdülər. Şans var, amma bizi çətin oyunlar gözləyir. Bu gərgin, ağır oyunlardan kim qalib ayrılsa, şansı da yüksək olacaq. Təbii ki, biz də ən yaxşısını etməyə çalışacağıq. Bütün rəqiblərimizə də hörmətlə yanaşırıq”.

Rikardinyo növbəti turda qarşılaşacaqları “Krasnodar” haqda da fikirlərini açıqlayıb: “Həmin oyunda qələbə də qazana bilərik. Ancaq unutmayaq ki, “Krasnodar” güclü bir çempionatda çıxış edir. Moskva “Spartak”ı, “Dinamo”su, MOİK-i ilə mübarizə aparır. Onların oyunlarına baxırıq. Güclü komandadı. Necə olacağını oyun zamanı görəcəyik”.

Xəbər 893 dəfə oxundu.