Yığmamız dünya çempionatında 8 medal qazanıb
Türkiyənin Samsun şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb. Taekvondo Federasiyasından verilən məlumata görə, sayca 6-cı dəfə təşkil olunan mundiala 10 idmançı ilə qatılan Azərbaycan millisi 8 medal qazanıb.

Yaşar Doğu Spor Salonunda baş tutan yarışda Nicat Müslümov (75 kq, K-42), Aleksandr Polişuk (+75 kq, K-42 ) və Aynur Dadaşova (+58 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

75 kq çəki dərəcəsində mübarizə aparan Xəzər İsayev (K-43) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib. Əvəz Tağıyevin digər yetirmələrindən Röyalə Fətəliyeva (49 kq, K-44), Əbülfəz Abuzərli (75 kq, K-44 kq), Vüqar Adışirinov (+75 kq, K-44) və Namiq Abbasov (61 kq, K-43) isə bürünc medalla kifayətlənib.

Beləliklə, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız kişi komandaları arasında Rusiyadan sonra ikinci, qadın millimiz Rusiya və Türkiyənin ardından üçüncü pillədə qərarlaşıb.

Xəbər 681 dəfə oxundu.