Meza Kolli: Əsas odu ki, öz meydanımızda uduzmadıq
“Qəbələ” klubunun futbolçusu Derlis Meza Kollinin müsahibəsi

- Avropa Liqasında qrup mərhələsinə 1 xalla başladınız. Oyunun bu axarda keçəcəyini gözləyirdizmi?
- Deyə bilmərəm ki, komandamız pis oynadı. Əksinə, 3-4 real qol epizodu yaratdıq. Təəssüf ki, onların birindən istifadə edə bilmədik. Başlanğıc üçün 1 xal da pis nəticə deyil. Əsas odu ki, öz meydanımızda uduzmadıq. Həm də biz bu mərhələdə ilk dəfə oynayırıq. Qarşıdakı matçlarda ilk qələbəmizi bayram edəcəyimizə ümid edirəm.

- Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirsiz?
- Əlbəttə, biz qələbə qazanmaq istəyirdik. Müdafiəyə çəkilməmişdik ki, qolsuz heç-heçə edək. Hücumlar qurduq, epizodlar yaratdıq, amma son anda dəqiq ola bilmədik. Amma bizə qələbə lazım idi, çünki ikinci oyunumuz Rusiya təmsilçisinə qarşıdı. Qələbə ilə başlasaydıq, səfər oyununa daha yaxşı motivasiya ilə çıxmaq olardı.

- Komandaya gec qoşuldunuz, amma artıq əsas heyət üzvüsüz. Adaptasiya prosesini tam keçə bilmisizmi?
- Təxminən 10 gündü ki, “Qəbələ”dəyəm. Baş məşqçi hazırlıq prosesində necə məşq etdiyimi gördü və şans verdi. Ümid edirəm ki, qarşıdakı oyunlarda da komandama kömək edə biləcəm.

- Amma hələ “İnter”dəki formanızdan uzaqsız...
- Bu, normaldı. Komandaya yeni gəlmişəm, az bir müddətdə kollektivlə birgə məşqlərdə iştirak etmişəm. Tam formamı bərpa etmək üçün müəyyən vaxta ehtiyac var. Oyundan oyuna daha da “artıracam”.

- Qrupla bağlı nə deyə bilərsiniz? “Qəbələ”nin növbəti mərhələyə yüksəlmək şansı varmı?
- Bütün komandaların şansları bərabərdi. Bu mərhələdə zəif komanda olmur. Çünki bir neçə mərhələ keçilir və ən güclülər qrupda oynamaq hüququ əldə edir. Biz ilk dəfə çıxış etsək də, autsayder deyilik. Bizim də qrupdan növbəti mərhələyə yüksəlmək şansımız var.

Xəbər 691 dəfə oxundu.