"Panatinaikos"un qisası haqda düşünmürdük" – Kosta
"Bizim üçün yaxşı oyun olmadı. Biz meydana üç xal üçün çıxmışdıq. Heç-heçəni də pis nəticə saymıram. Çünki hələ ilk oyun idi".

Bu sözləri PAOK-un müdafiəçisi Rikardo Kosta Avropa Liqasının qrup mərhələsində evdə "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra deyib.

Portuqaliyalı futbolçu "Qəbələ"nin baxımlı futbol sərgilədiyini bildirib: "Qəbələ" yaxşı komandadır. Heyətində cəld və sürətli futbolçular var. Əks hücumlar zamanı da bunu görürdük. "Borussiya" qrupda çox güclü komandadır. Ona görə də biz belə oyunlarda xal qazanmalıyıq. Amma təəssüf ki, qələbə qazana bilmədik.

Biz "Panatinaikos"un qisası barədə düşünmürdük. "Qəbələ" onları keçmək üçün böyük iş görüb. Hər iki matçda "Qəbələ" onlara qarşı yaxşı oynadı. Ümumiyyətlə, "Qəbələ" baxımlı futbol oynayır. Komandanın qapıçısını xüsusi qeyd edərdim. O, çox yaxşı təsir bağışladı. Fakundo Pereyra da yaxşı futbolçudur. Onun "Qəbələ"yə faydası çox olacaq".

Xəbər 689 dəfə oxundu.