Roman Qriqorçuk: PAOK-u öz komandam qədər analiz etmişdim
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunu şərh edib. Ukraynalı mütəxəssis 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Biz qələbəyə yaxın idik. Qələbə qazanmağı çox istəyirdik. Amma heç-heçənin nə dərəcədə ədalətli nəticə olub-olmadığını deyə bilmərəm".

"Aleksey Antonovun oyunu birinci hissədə alınmadı. İkinci hissədə isə o, yaxşı oynadı. O, hələ "Qəbələ"yə çox kömək edəcək. Derlis Meza Kollinin start heyətdə oynamasına dair qərarı özüm qəbul etmişdim. Fakundo Pereyra da ikinci hissədə meydna çıxdıqdan sonra nə tapşırıq vermişdimsə, onu da həyata keçirməyə çalışdı. Onların hər ikisindən razıyam".

"PAOK-u yaxşı analiz etmişdik. Mən bu komandanı özümünkü kimi tanıyıram. İqor Tudorun isə bizi necə analiz etdiyini bilmirəm. PAOK yaxşı rəqibdir. Onların yaxşı futbolçuları var. Məsələn, Robert Mak, Dimitar Berbatov kimi oyunçuları fərqləndirmək olar. PAOK bu gün çempionatda çıxış etdiyi kimi oynamadı".

"Qəbələ"nin çalışdırıcısı yarımmüdafiəçi Rəşad Sadiqovun oynamamasına da toxunub: "Narahat olmayın. Siz onu hələ meydanda görəcəksiniz".

Qriqorçuk qrupun digər oyununda Dortmund "Borussiya"sının (Almaniya) Rusiya "Krasnodar"ına 2:1 hesabıyla qalib gəlməsinə də münasibət bildirib: "Hələ turnir cədvəlinə baxmaq tezdir. Bunu üç turdan sonra etmək daha yaxşı olar. Amma əslində, biz yalnız öz oyunumuzu düşünməliyik, digər nəticələrlə maraqlanmamalıyıq".

Xəbər 746 dəfə oxundu.