Məmmədyarov: Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk oyununda Şəhriyar Məmmədyarov hindistanlı idmançı Panayapan Seturaman üzərində qələbə qazanıb. Görüşdən sonra Məmmədyarov mətbuat konfransında iştirak edib. Təcrübəli şahmatçı ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb:

“Bu dəfə fərqli oynadım. Rəqib isə məndən başqa gedış gozləyirdi. İlk dəfədir ki, həyatımda belə bir variantdan istifadə etdim. Təxminən 10 il əvvəl belə vəziıyyətdə uduzmuşdum. Bu dəfə isə ehtiyatı əldən vermədim. Sona yaxın bir gediş üzərində xeyli düşündüm. Partiya başa çatdıqdan sonra həmin gedişlə bağlı rəqibimə sual verdim. O isə bildirdi ki, fərqli oynayacaqdı. Belə çıxır ki, 50 dəqiqə boş yerə düşünmüşəm” (gülür).

Şahmatçımız rəqibi haqda da danışıb: “Təbii ki, rəqibim güclüdür. O, əvvəlki 2 mərhələdə 4 oyundan 3-ündə qalib gəlib, 1 dəfə heç-heçə oynayıb. Tay-brekin nə olduğunu bilmir. Hazırda yaxşı formadadır. Bu gün qalib gəlsəm də, rəqib güclüdür. Ümumiyyətlə, hər rəqibə hörmətlə yanaşmaq lazımdır”.

Şahmatçımız qeyd edib ki, Dünya Kubokunda iştirakçılar xeyli güc itirirlər: “Dünya Kubokunun qəribəliyi bundadır ki, yarış getdikcə idmançı yorulur. Sona yaxın şahmatçılar adi səhvlərə yol verirlər. Qələbə qazanmaq hər zaman xoşdur. Amma çox güc itirirsən. Elə oyunçular var ki, hər mərhələdə tay-brekdə oynayırlar. Bu isə o deməkdir ki, ardıcıl hər gün 8-9 saat düşünürsən. Yorğunçuluq qaçılmazdı. Çalışmaq lazımdır ki, maraqlı oyunlar olsun”.

Dünya Kubokunun mətbuat xidməti

Xəbər 696 dəfə oxundu.