Mahir Şükürov: Avropada bizdən çox toplanış keçən ölkə yoxdur - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürov Apasport saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, “qara-qırmızılar”ın indiki hazırlığı və yığma kollektivdəki vəziyyətdən danışıb:

- Öncə hazırlıq barədə danışaq. Toplanış necə keçir?

- Hazırlığın 1-ci mərhələsi yanvarın 9-dan 19-dək Qəbələdə oldu. Fiziki hazırlıq üzrə məşqlərimiz yaxşı keçdi. Sonra burda toplanışa başladıq. 2 yoxlama oyunu da keçirdirik. Məncə, qarşıdakı günlərdə “Qəbələ” çempionata tam hazır olacaq.

- Keçirdiyiniz hər 2 oyunda məğlubiyyətə nə səbəb oldu?

- Uduzmaq istəməzdik. Lakin bu çempionat oyunu deyil. Düzdür, qələbə qazananda əhval-ruhiyyə yaxşı olur. Əsas odur ki, burda buraxdığımız səhvləri çempionatda təkrarlamayaq. Həm də yoxlama görüşlərində 2 fərqli heyətlə oynayırıq.

- Kənardan baxanda hiss olunur ki, futbolçuların toplanışlardan xoşu gəlmir. Buna səbəb nədir?

- Bəli, elədir. Çünki istirahətdən sonra toplanışa başlayırsan, ayaqlar ağrıyır və s. Psixoloji yorğunluq, dilxorçuluq yaranır.

- Amma tənbəllik peşəkar futbolçuya yaraşmır...
- Bu, tənbəllikdən irəli gəlmir. İstər-istəməz futbolçu da yorulur. Çempionat oyunu çox olsa, toplanış keçməkdənsə daha çox oynamaq yaxşıdır. Avropada bizdən çox toplanış keçən ölkə yoxdur. Bizdə 1-1,5 ay toplanış olur. Avropada daha çox oynayırlar. Amma onlarda o qədər yorğunluq olmur.

- Komandanınızın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub. Məqsədə çatmasanız, bunu faciə kimi qiymətləndirmək olar?
- Düzdür, məqsədimiz avrokuboklara çıxmaqdır. 3-4-cü yeri tutub, buna nail olmaq istəyirik. Bu vəzifənin öhdəsindən gəlməliyik. Amma avrokuboklara vəsiqə qazana bilməsək, bunu faciə kimi qələmə vermək olmaz.

- Futbolçu kimi kənardan baxanda, hakimlərin hansısa komandaya rəğbət bəslədiyi hiss olunurmu?
- Bildiyiniz kimi, hakimlər də hazırda Antalyada toplanışdadırlar. Ümid edirəm ki, ilk yarıda buraxdığı səhvləri bundan sonra təkrarlamazlar. Aralarında təcrübəliləri də var. Məsələn, Fariz Yusifov. Ona rəğbətim var. Amma “Neftçi” ilə oyunumuzu yada salaq. Son dəqiqələrdə qapımıza penalti verildi. Halbuki, həmin epizodda heç bir qayda pozuntusundan söhbət belə gedə bilməzdi. Belə hallar yığışdırılmalıdır.

- Bu toplanışdan sonra millimiz Dubayda bir araya gələcək. Yəqin ki, Fələstinlə yoxlama oyunu barədə məlumatlısınız...
- Səmimi deyim, Fələstin millisinin adını eşitməmişəm. Amma AFFA seçibsə, oynamalıyıq. Səfər oyunları yaxşıdır. Çünki səfərdə nəticə qazana bilmirik. Evdə nəticə qazanırıq. Belə matçlar çox olmalıdır ki, səfərdə oynamağa öyrəşək. Bir də millidə legionerlər az olmalıdır ki, özümüzünkülər də oynaya bilsin.

- Sizinlə burda razılaşmaq olmur. Məsələn, Aleksandr Çertoqanov bir çox yerli futbolçuya nümunə ola bilər...
- Çertoqanov dostumdur, qardaşımdır, milliyə də layiqdir. Təki legionerlər hamısı onun kimi olsun.

- Bəs hansı futbolçudur ki, onun yığmaya layiq olmadığı düşünürsünüz?
- Ad çəkmək istəmirəm, amma özləri yaxşı bilirlər.

Xəbər 969 dəfə oxundu.