“Kəpəz” Rəşad Eyyubovun keçidini rəsmiləşdirdi
FİFA-nın tətbiq etdiyi transfer qadağasına görə “Xəzər Lənkəran”dan ayrılan Rəşad Eyyubovun karyerasını “Kəpəz”də davam etdirəcəyini xəbər vermişdik. Bu keçid artıq rəsmiləşib.

23 yaşlı hücumçu Gəncə klubu ilə 1 illik müqavilə bağlayıb. Eyyubov artıq iki gündü ki, “sarı-göylər”in düşərgəsindədi və komandanın məşqlərində iştirak edir.

Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildə təşrif buyurub. Onun Azərbaycanda ilk klubu “Simurq” olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.

Xəbər 684 dəfə oxundu.