Türkiyəli baş məşqçi Azərbaycanla oyun üçün hazırlıqlarını dəyərləndirdi
“Belçika və Polşada təlim-məşq toplanışlarımız çox yaxşı keçdi. Bu hazırlıqlar zamanı həm çatışmazlıqlarımızı, həm də güclü olduğumuz zonaları görmək imkanı qazandıq”. Bunu qadınlardan ibarət Türkiyə millisinin baş məşqçisi Ferhat Akbaş deyib.

Gənc mütəxəssis Avropa çempionatına hazırlıqlardan razı qaldığını bildirib. Sentyabrın 26-da start götürəcək yarışa artıq hazır olduğunu deyən Akbaş Belçika, Azərbaycan və Macarstanla oyunda yetirmələrinə böyük ümid bəslədiyini də açıqlayıb: “Məşqlər və oyun zamanı fərqli atmosfer vardı. Xüsusilə azarkeşlərə görüşləri izləmək imkanı yaratdıq ki, bu da bizə rəsmi matç havası verdi. Motivasiyamızı saxlamaq üçün də önəmliydi və nəticələr də uğurlu oldu. Bu səbəbdən xoşbəxtik. Növbəti görüşümüzü Belqradda Serbiyaya qarşı keçirəcəyik. Orada həqiqətən güclü bir rəqib bizi gözləyir. Axırıncı hazırlıq matçı bizim üçün çox yaxşı təcrübə olacaq. Ardından ölkəmizə dönüb, Avropa çempionatı üçün son məşqlərimizi edəcəyik”.

Qeyd edək ki, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin ilk oyunu türklərə qarşı olacaq.

Xəbər 618 dəfə oxundu.