Qəbələ üçün ilk, Qarabağ üçün ikinci cəhd
Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilir. Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ"la "Qəbələ" də qrupdakı ilk oyununa çıxacaq.

"Qəbələ" doğma meydanda Yunanıstan PAOK-u ilə qarşılaşacaq. "Qarabağ" isə səfərdə İngiltərənin "Tottenhem" klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 22:00-da start götürəcək bu oyun bitəndən az sonra, gecə yarısı 00:05-də də Ağdam klubunun İngiltərə nəhəngi ilə dueli start götürəcək.

Xatırladaq ki, son Azərbaycan çempionu "Qarabağ" bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə "Yanq Boyz"una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi "Panatinaikos"u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı.

Rəqiblərə gəlincə, Yunanıstanın Saloniki şəhərini təmsil edən PAOK 1926-cı ildə yaradılıb. 28703 tamaşaçı tutumuna malik “Tumba” stadionunda çıxış edən komanda ötən mövsüm çempionatı 5-ci pillədə başa vurub. Bunun sayəsində Avropa Liqasına yüksələn PAOK ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulub. Baş məşqçi İqor Tudorun kollektivi qrupa vəsiqə qazanana qədər Xorvatiya “Lokomotiv”i (1:2, 6:0), ardınca Slovakiya “Spartak”ı (1:0, 1:1) və Danimarka “Brondbü”sünü (5:0, 1:1) mübarizədən kənarlaşdırıb. PAOK Yunanıstan çempionatının cari mövsümündə 3 oyun keçirib ki, onların birində qalib gəldiyi halda, birində heç-heçə edib, digərində də uduzub. Hazırda komanda 4 xalla 9-cu pillədə qərarlaşıb.

İngiltərənin aparıcı klublarından olan "Tottenhem" isə 1882-ci ildə yaradılıb. 132 yaşlı qocaman London təmsilçisi ev oyunlarını doğma şəhərdəki "Uayt Hart Leyn" stadionunda keçirir. Sözügedən arena 36 mindən çox azarkeş tutumuna malikdir. Komandanın baş məşqçi postunu Maurisio Poçettino tutur. "Tottenhem" yaşlı klub olmasına baxmayaraq, İngiltərədə cəmi iki dəfə ölkə çempionu adını qazanıb. Ağdam klubunun rəqibi beynəlxalq arenada da müəyyən uğurlara malikdir. Məsələn, bu komanda iki dəfə indi Avropa Liqası adlanan UEFA Kubokunun qalibi olub. Ötən mövsüm bu klub Premyer Liqada 5-ci yeri tutmaqla Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı qazanıb. İngiltərə çempionatının yeni mövsümündə isə komanda 5 oyuna cəmi bir dəfə qələbə qazana bilib. 3 dəfə heç-heçəyə razılaşan londonlular bir oyunda da məğlub olublar. 6 xala malik "Tottenhem" 20 klub arasında 12-ci sırada qərarlaşıb.

Göründüyü kimi, təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və "Qarabağ"la "Qəbələ"nin uğur qazanması çox çətin olacaq. Ağdamlıların səfərdə ən azı heç-heçə etməsi də günün sensasiyalarından sayıla bilər. "Qəbələ"dən isə gözləntilər daha çoxdur. Qrupdan çıxmaq yolunda Qriqorçukun futbolçuları qrup mərhələsindəki ilk oyundan mütləq qalib ayrılmalıdırlar. Hər halda doğma azarkeş amili də bu baxımdan komandamız üçün əlavə üstünlük sayıla bilər.

Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 13.625 reytinq xalı var ki, onun da 3.125 xalı cari mövsümdə qazanılıb ("Qəbələ" - 1.125, "Qarabağ" - 1.000, "İnter" - 0.750, "Neftçi" - 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Ayrıca götürsək, "Qarabağ" 12.225 xalla klub sıralamasında Avropanın 127-ci, "Qəbələ" isə 4.975 reytinq xalı ilə 257-ci komandasıdır. Rəqiblərə gəlincə, "Tottenhem" 62.006 xalla 24-cü, PAOK da 32.840 xalla 56-cıdır.

Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. "Qəbələ"nin qrupunda Dortmund "Borussiya"sı (Almaniya) doğma meydanda Rusiya "Krasnodar"ını qəbul edəcək. "Qarabağ"ın yer aldığı qrupda isə Belçika "Anderlext"i Fransa "Monako"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
1-ci tur
17 sentyabr

C qrupu

22:00. “Qəbələ” - PAOK
Baş hakim: Xavyer Estrada (İspaniya).
Bakı. “Bakcell Arena”.

J qrupu

00:05. "Tottenhem" - "Qarabağ"
Baş hakim: Adrien Jakote (İsveçrə).
London. "Uayt Hart Leyn" stadionu.

Xəbər 713 dəfə oxundu.