Əkiz qardaşlar uğuru bayram edirlər
Dünya Kuboku bu günlər Azərbaycanın paytaxtında keçirilən yeganə şahmat yarışı deyil. Ənənəvi “Bakı-open” Beynəlxalq festivalının “C” turniri yenicə başa çatıb.

90 gənc istedad doqquz gün ərzində Respublika Şahmat Mərkəzində yüksək mükafat uğrunda mübarizə aparıblar. 9 mümkün xaldan 8 xal toplayan Altay Eynullayev turnirin qalibi olub.

Lakin yarışın ən maraqlı məqamı budur ki,12 yaşadək oğlanlar arasında üçüncü yeri qalibin əkiz qardaşı Atilla tutub.

Əkizlərin 11 yaşı var. Onlar sonuncu görüşlərini keçirəndən sonra Dünya Kubokunda qrossmeysterlərin yarışına tamaşa ediblər.

Eynullayevlər ailəsində dörd oğul övladı böyüyür. Onlar şahmatla yanaşı, musiqi və üzgüçülüklə də məşğul olur, məktəbdə əla qiymətlərlə oxuyurlar.

“Bakı-open”in “A” və “B” qruplarında əsas turnirləri sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.

Xəbər 795 dəfə oxundu.