“Qəbələ” və “Qarabağ” qrup mərhələsinə start verir
Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” sabah qrup mərhələsində ilk oyunlarına çıxacaqlar. Ağdam klubu səfərdə “Tottenhem”lə qarşılaşacağı halda, “qırmızı-qaralar” Bakıda PAOK-u qəbul edəcəklər.

İlk olaraq, meydana “Qəbələ” çıxacaq. Qrup mərhələsinə qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıran Roman Qriqorçukun komandası tarixində ilk dəfə qrup mərhələsinin görüşünə çıxacaq. Pley-offda Yunanıstan klubuna “od qoyan” “Qəbələ” yenə Ellada təmsilçisi ilə üz-üzə gələcək. Budəfəki rəqib PAOK-du.

Bu oyundan öncə Azərbaycan çempionatında “İnter”lə qarşılaşan “Qəbələ” rəqibinə 1:2 hesabı ilə uduzdu. Baş məşqçi Qriqorçuk həmin məğlubiyyəti PAOK-la görüşdə unutdurmağa çalışacaq. Avrokubok görüşlərində “Qəbələ”yə kömək etməyəcək Ruslan Abışov və Vüqar Nadirovdan yanaşı, məlum məsələyə görə Cavid Hüseynov da PAOK-la oyuna çıxmayacaq. Təsnifat mərhələsində uğurlu çıxış göstərən “Qəbələ” eyni uğuru q2rup mərhələsində də davam etdirmək niyyətindədi. Bunun üçün isə ilk növbədə, PAOK-u Bakıdan əliboş yola salmaq lazımdı. Əgər Qriqorçukun yetirmələri bunu bacarsalar, növbəti mərhələyə çıxmaq yolunda vacib addım atmış olacaqlar.

“Qəbələ” meydanı tərk edəndən bir qədər sonra isə “Qarabağ” səfərdə “Tottenhem”lə sınağa çıxacaq. Şübhəsiz ki, Ağdam klubunun rəqibi çox güclüdü. Üstəlik, səfər amili “Qarabağ”ın işinin çətin olacağını təsdiqləyir. Ancaq Ağdam klubu son illərdə qazandığı Avropa təcrübəsinin hesabına nəsə edə bilər. Üstəlik, hansı heyətlə oynayırsa, oynasın, “Tottenhem” Avroliqaya o qədər də önəm vermir.

“Qarabağ” Vladimir Dimitrovskidən fərqli, digər son transferlər – Samuel Armenteros və Miçelin xidmətindən Avroliqanın qrup oyunlarında yararlana biləcək. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında heç vaxt olmadığı qədər futbolçu var. Bu isə təcrübəli çalışdırıcının əsas heyətə oyunçu seçmək işini asanlaşdırır. “Qarabağ” “Tottenhem”in sürətli hücumlarının qarşısını kəssə, standart vəziyyətlərdə rəqibin qol vurmasına mane ola bilsə, Londondan yaxşı nəticə ilə qayıda bilər.

Ötən mövsüm Avroliqanın qrup mərhələsində layiqli oyun nümayiş etdirən, ancaq hakim haqsızlığına görə qrupdan çıxa bilməyən “Qarabağ”dan bu mövsüm azarkeşlər daha inamlı çıxış gözləyirlər. Bunu həyata keçirmək üçün isə ağdamlılar ilk növbədə, uğurlu start etməlidilər.

Avropa Liqası
Qrup mərhələsi, I tur
17 sentyabr

22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)
Bakı. “Bakcell Arena”. Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)


00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
London. “Uayt Hart Leyn”. Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)

Xəbər 584 dəfə oxundu.