“Real”a belə kömək lazım deyil - Luçesku
"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında "Real"la keçirilən oyunu (0:4) şərh edib.

Luçesku hakim idarəçiliyindən narazılığını bildirib. O, qeyd edib ki, top-komandalarla oyunda hakimlər həmişə onların əleyhinə qərar verirlər:

"Bu oyunu şərh etmək çox çətindi. İlk 30 dəqiqə haqqında nəsə demək olar. Andrey Pyatov səhv edənə qədər oyuna nəzarət edirdik. İkinci hissədə isə Stepanenkonu meydandan qovdular.

Oyundan əvvəl keçirilən mətbuat konfransında demişdim ki, yalnız bir şey - bizə hörmət edilməsini istəyirik. Təəssüf ki, top-komandalarla oyunda həmişə bizim əleyhimizə qərar verilir.

Kollina bu barədə yaxşı fikirləşməlidi. Hakimlər ikili standartlardan yararlanırlar. Bizim kimi komandaların futbolçularına dərhal sarı vərəqə göstərirlər. Amma top-komandaların futbolçularına qarşı belə davranmırlar. Qapımıza təyin olunan ilk penalti də ədalətsiz idi. Top Darionun sinəsinə dəymişdi, əlinə yox.

İkinci penalti epizodunda da top əvvəlcə Karvaxalın əlinə dəydi, sonra Azavedonun. Bunu "Real"ın da futbolçuları təsdiqlədi. Hakimlər bu səviyyəli oyunları korlamamalıdılar. Çox təəssüf ki, belə şərh vermək məcburiyyətindəyəm. Amma bu cür danışmaq istəməzdim. "Real"a belə kömək lazım deyil".

Xəbər 584 dəfə oxundu.