Rauf Məmmədov: Duelun taleyi 41-ci gedişdə həll olundu
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin cavab görüşləri keçirilib. İlk görüşdə məğlub olan azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ təmsilçisi Fabiano Karuanayla heç-heçə oynayıb.

İki görüşün nəticəsinə görə Dünya Kubokuyla vidalaşan Məmmədov uğursuzluğu belə izah edib: "Fabiano Karuana haqda danışmağa ehtiyac yoxdur. Güclü şahmatçıdır. Dünya reytinqində ilk pillələrdə qərarlaşıb. Duelin taleyi ilk görüşdə həll olundu. 41-ci gedişdə kobud səhv etdim və partiyanın taleyi həll olundu. Belə rəqiblərlə görüşdə səhv etmək qadağan olunur. Onlar bunu bağışlamır. 41-ci gedişdən sonra məğlubiyyətlə barışmalıydım. İkinci görüşdə qara fiqurlarla çıxış edirdim. Karuana kimi rəqiblə oyunda qara fiqurlarla qələbə qazanmaq çox çətindir. Özü də bu gün mənə mütləq qələbə lazım idi. Heç-heçə oldu və ümumi nəticəyə görə məğlub oldum".

Dünya Kubokunun mətbuat xidməti

Xəbər 614 dəfə oxundu.