"Qəbələ" yeni sponsorla anlaşdı
“Qəbələ” İdman Klubunun futbol komandaları 2015-2016 mövsümündə üzərində “QafqaZ Hotels and Resorts” reklamı əks olunan formalar geyinəcək.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” İdman Klubu ilə “Qafqaz” otellər qrupu arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İK-nın bütün futbol komandaları 2015-2016-cı illər mövsümündə üzərində “Qafqaz Hotels and Resorts” reklamı əks olunan formalar geyinəcək.

“Qafqaz Hotels and Resorts” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.
Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birlərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “QafqaZ Hotels & Resorts” kimi ölkəmizin önəmli brendlərindən biri ilə əməkdaşlıq etmək klubumuz üçün çox mühüm hadisədir. Çünki əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə daim birincilərlə çalışaraq çata biləcəyimizin fərqindəyik”, - deyə qeyd edib.

Xatırladaq ki, “Qəbələ” futbolçuları ötən 2 mövsüm ərzində də meydançaya bir digər qlobal brend - “Pepsi” reklamlı formalarla çıxırdı.

Xəbər 701 dəfə oxundu.