Məşqçisi Toğrul Əsgərovu tənqid edənləri qınadı
Ölkə hüdudlarından da kənarda yetərincə tanınan Toğrul Əsgərovun güləş üzrə dünya çempionatındakı çıxışı birmənalı qarşılanmır.

Olimpiya çempionunun məşqçisi Elçin Zeynalov medalsız qalan yetirməsinə qarşı yönələn tənqidi fikirlərlə razılaşmır: "Bəzi yoldaşlar yarışa baxmayıblar, lakin deyirlər ki, "Toğrul bizi biabır elədi". Bunu özümə tənqid kimi qəbul edirəm".

Amma tənqidçilərlə barışmayan təcrübəli mütəxəssis Toğrulun Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilmiş mundialdakı mübarizəsini təqdirəlayiq hesab edir.

Elçin Zeynalov: "Toğrulun çəkisi çox güclü çəkidir. 65 kq çəki dərəcəsi Olimpiya Oyunlarına lisenziya verir. Son nəticədə Əsgərov olimpiadaya vəsiqə qazandı. Mən bundan razı qaldım".

Əsgərov okeanın o tayına medal kolleksiyasında çatışmayan yeganə titul - dünya çempionluğu üçün yollanıb. O, ilk 3 görüşdəki böyükhesablı qələbələrlə əyləncə və kazinolar şəhəri kimi tanınan Las-Veqasa uduş qazanmağa gəldiyini də ortaya qoyub. Amma italyan Frank Çamizoya qarşı görüşdə hakimlərin qeyri-obyektivliyi gəncəli pəhləvanın arzusunu reallaşdırmağa imkan verməyib. Zeynalovu narazı salan əsas məqam da budur.

Elçin Zeynalov: "Toğrul hakimlərin qeyri-obyektivliyi nəticəsində məğlub oldu. Güləşsevərlər, mütəxəssislər baxsalar, görərlər ki, Əsgərov rəqibin kürəyini yerə vurur və buna şübhə yeri qoymur".

Hakimlərin qərarı Toğrulun dünya çempionatındakı çıxışına təsirsiz ötüşməyib. Finala yolu bağlanan güləşçi ilk təsəlliverici görüşdə Rio olimpiadasına lisenziya əldə etsə də, bürünc medal uğrunda qarşılaşmaya köklənə bilməyib və mundialı medalsız başa vurub.

Xəbər 677 dəfə oxundu.