Azərbaycan boksçuları beynəlxalq turnirdə bir qızıl və üç bürünc medal qazanıblar
Mahaçqalada Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan komandası yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan “Baku Fires” klubunun üzvü Məhəmməd İbiyev bütün görüşlərini qələbə ilə başa vurub. Boksçumuz finalda Özbəkistan nümayəndəsi Əzizbek Otajonovu məğlub edərək birinci yerə sahib olub.

“Baku Fires”in daha bir üzvü Rəsul Saliyev yarımfinalda Özbəkistan komandasının lideri Abdullo Kuçkarova uduzaraq üçüncü yerlə kifayətlənib.

Zaur Abdullayev (64 kq) Umaxanov turnirdə bürünc medal əldə edib. Boksçumuz iki görüşdə qalib gəlsə də, yarımfinalda rusiyalı Şahabbas Mahmudova uduzub.

Heydər Heydərov (91kq) da beynəlxalq yarışda üçüncü yeri tutub. “Gilan” klubunun üzvü finala gedən yolda qazaxıstanlı Abilxair Turlanbekə məğlub olub.

Xəbər 714 dəfə oxundu.