Viktor Mendi: Bizim hədəfimiz var və ona nail olmalıyıq
“Çox gərgin hazırlıq gedir. Yeni baş məşqçi gəldikdən sonra, komandada çox müsbət dəyişikliklər baş verdi. Kollektivdə psixoloji vəziyyət dəyişib, özünəinam artıb. Təlim-məşq dönəmində də bu müsbət dinamika davam edir”. İdman.com.az saytının məlumatına görə, bu fikir “Qəbələ”nin futbolçusu Viktor Mendiyə məxsusdur.

Klubun rəsmi saytına açıqlama verən legioner komandasının mövsümün 2-ci hissəsinə nə dərəcədə hazır olmasından da danışıb: “Hazırkı təlim-məşq toplanışı çempionata hazırlaşmağımızda vacib rol oynayır. Bizim hədəfimiz var və ona nail olmalıyıq. Meydançadan kənarda deyib-gülə, əylənə bilərik. Amma meydança daxilində tam fərqli oluruq. Üzərimizə düşən məsuliyyəti anlayırıq. Biz “Qəbələ”ni təmsil edirik və bunu özümüzə və klubun adına layiq nümayiş etdirməliyik. Komanda günü-gündən gücünə güc qatır. İndiki hazırlıq durumumuz barədə konkret fikir bildirə bilmərəm. İnanıram ki, hazırlıq prosesinin sonunda tam formalaşmış “Qəbələ” görəcəksiniz”.

Mendi fransız dilində yaxşı anlaşdığı Yannik Kamanan və Abdulkader Kamara ilə dostlaşmasına da toxunub: “Mənim kollektivdəki bütün futbolçularla münasibətim yaxşıdır. O ki qaldı Kamananla Kamaraya fransızdilli olduğumuz üçün rahat anlaşırıq. Biz burada kiçik ailə kimiyik”.

Xəbər 1092 dəfə oxundu.