Dodo: İnterə məğlubiyyəti artıq unutmuşuq və PAOK-la matçı düşünürük
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:2) sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Biz pis oynamadıq. Topa daha çox nəzarət edirdik. Daha çox təhlükəli vəziyyətlər yaratdıq. Amma rəqib hücumlar zamanı bizdən daha dəqiq oynadı və qalib gəldi.

- Bu məğlubiyyəti komandanın Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandıqdan sonra eyforiyaya qapılması ilə əlaqələndirmək olar?
- Xeyr. Biz sadəcə, lazımi qədər qol vurmağa nail ola bilmədik.

- Bəlkə, "Qəbələ" artıq PAOK-la oyunu düşünməyə başlamışdı?
- Biz həm çempionat, həm də avrokubok oyununda qələbə qazanmağa çalışırıq. Bizim üçün prioritet olan turnir və ya oyun yoxdur. "İnter"ə məğlubiyyət mənfi haldır. Amma biz bu məğlubiyyəti artıq unutmuşuq və PAOK-la qarşılaşmanı düşünməyə başlamışıq.

- Qrup mərhələsindəki rəqiblərinizi necə qiymətləndirərdiniz?
- Çox güclü qrupa düşmüşük. Dortmun "Borussiya"sı (Almaniya) ilə yanaşı, PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) da avrokuboklarda böyük təcrübəyə malikdir. Amma biz bu komandaların hər biri ilə oyunlara ciddi hazırlaşacağıq və uğurlu nəticə üçün mübarizə aparacağıq.

- Sizə elə gəlmir ki, doğma meydanda PAOK-a qalib gələ bilməsəniz, bu, sizin qrupdan çıxmaq şanslarınızı azaldacaq?
- Mən bu barədə düşünmürəm. Bizi heç də asan oyun gözləmir. Şanslar barədə bu görüşdən sonra danışmaq olar.

Xəbər 652 dəfə oxundu.